CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci Vitse-prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.
Sputnik
BAKI, 31 mart — Sputnik. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Twitter" hesabında paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, bu gün Azərbaycanda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.
Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır.
Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulub.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Nazir: Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq