Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir.
Əlli ildir ki rayonda bu balığın ən dadlı bişirəni kimi tanınan M.Mehdiyev Sputnik Azərbaycan-a daban balığının daha dadlı bişirilib süfrəyə verilməsi prosesini əyani olaraq göstərib.
Peşəkar aşpazın sözlərinə görə balığın dadlı çıxması üçün onun ilk olaraq haradan tutulması önəmlidir. O, "karas" balığının bölgənin bütün çaylarnda olduğunu, lakin daha dadlısının xalq arasında Didvan gölü kimi tanınan Ağstafaçay su anbarından tutulduğunu deyir. Bişirilmyinə gəlincə isə aşpaz bunları deyir:
"Karası bişirmək üçün əsas qalın çuqun tava olmalıdır. Qarğıdalı yağında bişirilməlidir. Güclü odda qızardılmalıdır. Bunun üçün əvvəlcə balıq suda yuyulub pulcuqları təmizlənir, qarnı yarılıb içalatı çıxardılır. Sonra qulağının dibindəki qəlsəmələri çıxarıram. Onlar çıxarılmasa balıq insanı zəhərləyə bilər. Eyni zamanda acı dad verir. Bundan sonra isə təmiz-təmiz yuyulur və qızardılma prosesi başlayır".
Aşpaz balığın içinin yaxşı bişməsi üçün balığın ətinin üst qatının bıçaqla yarılmalı olduğuu deyir. Sonra isə duz, istiot və bir sıra ədviyyatların cəmindən hazırlanmış qatışığa batıraraq yağı qaynayan tavaya atır.
"Balıq 100 dərəcədə qaynamalıdır. Soyuq olsa dağılır. Bəzi adamlar balığı un ilə qızardır. Bu da olmaz. Un vuranda balığın üzü qızarır, amma içi çiy qalır",- deyə təcrübəli aşpaz bildirir.
Aşpaz bu balığı yaşadığı bölgədə ondan yaxşı bişirənin olmadığını deyir. Onun sözlərinə görə çox adam balığı bu üsulla bişirməyə çalışsa da, bu qədər dadlı alınmır:"Səbəb budur ki, hər kəsin özünün əlinin dadı var. Həm də prosesin zamanlamasına düzgün əməl edilməlidir".