CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəxtini bir daha sına! Lotereya satışı köşkləri qarşısında izdihamdır

"Azərlotereya"dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, lotereya oyunlarının təşkili və keçirilməsi “Lotereyalar haqqında” Qanuna uyğun olaraq aparılır.
Sputnik
BAKI, 31 mart — Sputnik.
"Gəlin, alın, pozun, qazanın".
Bakıda metrostansiyaların qarşısında lotereya satışı köşklərinin sayı artdıqca, bu cür sözlərlə insanları lotereya almağa səsləyənlərin də sayı artır. Onlar həvəsləndirici sözlərlə insanları lotereya almağa səsləyirlər. Bu sözlər çoxlarını lotereya almağa və bəxtini sınamağa sövq edir.
Lotereya köşklərinin sayı günü-gündən artır
Sputnik Azərbaycan-ın metroların çıxışlarında apardığı müşahidələr zamanı son vaxtlar lotereya satışına marağın kəskin artdığı məlum olub.
Lotoreya satışı köşkləri
Elə ilk həmsöhbətimiz bir neçə dəqiqə əvvəl 28 May metrostansiyasının qarşısındakı lotereya satışıköşkündən lotereya alan Murad Məmmədovdur. Tələbə olan Murad hər gün bu köşklərdən ən azı 1 manatlıq lotereya aldığını deyir. İndiyədək 40 manat udan həmsöhbətimiz hər ay tələbə təqaüdünün bir hissəsini lotereya almağa xərclədiyini gizlətmir. Çəkiliş etməyə isə razı olmur. Deyir ki, valideynlərinin onun lotereya aldığından xəbər tutmasını istəmir: "İstəmirəm evdə lotereya aldığımı bilsinlər. Düzdür, öz təqaüdümlə alıram, amma valideynlərim buna qarşıdır".
Murad deyir ki, bu günədək lotereyaya 70 manat pul xərcləyib. Qazancı isə 40 manat olub. Bir az əvvəl aldığı lotereyada isə bəxtinin gətirmədiyini söyləyir:
"Mən əsasən bir yaxud da beş manatlıq lotereyalardan alıram. Bayaq beş manatlıq lotereya aldım. Bəxtim gətirmədi, uduzdum".
"Deyirəm, bəlkə mənim də üzümə gün doğa"
Elə bu dəm köşkə alıcı yaxınlaşır. Gənc oğlan yanındakı dostu ilə beş manatlıq lotereya alır. Amma bu dəfə də özünün dili ilə desək, bəxti gətirmir...
Satıcı deyir ki, uduzanda zarafatla alıcılar pulu onlardan geri istəyir. Amma udanlar arasında onlara şirinlik verənlər də olur.
"28 May" metrostansiyasının qarşısında azı beş lotereya satışı köşkü fəaliyyət göstərir. Satıcılar son vaxtlar dayanacaqlarda, metrostansiyaların qarşısında lotereya satış köşklərinin sayının artmasının səbəbini artan tələbatla izah edirlər. Rahim adlı satıcı bizə bildirir ki, onun əsas alıcıları tələbələrdir. Təqaüdçülər isə pensiya alandan-alana köşkə yaxınlaşırlar.
Həmsöhbətimiz deyir ki, lotereya satışına marağın çox olmasının səbəbi satışdakı lotereyaların uduşlu olmasıdır:
"Bir dəfə alan insan yenə gəlib alır. Onların arasında udan da olur, uduzan da. Amma udan çox olmasa maraq da bu qədər çox olmaz. Özünüz də görürsünüz ki, lotereya köşklərinin qarşısı həmişə izdiham olur".
Satıcı deyir ki, hazırda satışda olanlar ani lotereyalardır.
Söhbət əsnasında köşkə iki müştəri yaxınlaşır. Onların biri beş, digəri iki ədəd bir manatlıq lotereya alır. Böyük ümidlə pozsalar da, aldıqları lotereya uduşsuz çıxır.
Onlardan biri, Ruslan Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, ya səhər işə gedəndə, yaxud da qayıdanda mütləq bir manatlıq lotereya alır. “28 May” ətrafında inşa olunan binalardan birində fəhlə işlədiyini söyləyən Ruslan sadəcə bəxtini sınadığını bildirir: "Deyirəm, bəlkə mənim də üzümə gün doğa. Bu fəhləlikdən canım qurtara. Amma görünür alın yazımdır (gülür).
Həmsöhbətimiz indiyədək lotereyaya 150 manatdan çox pul xərclədiyini söyləyir. Onun sözlərinə görə, cəmi bir dəfə udub. Ondan da 20 manat.
"Bir tanışım 25 min udub"
Müsahibimiz bir tanışının lotoreyada qalib olduğunu da söyləyir. Onun sözlərinə görə, həmkəndlisi bir manatlıq lotoreya alaraq 25 min manat pul qazanıb. R. Əsgərovla söhbət zamanı dediklərinin doğru olub-olmadığını dəqiqləşdirmək üçün lotoreyada yüksək məbləğ udan şəxsin əlaqə nömrəsini alırıq. Özünü Mahir Qarayev kimi təqdim edən şəxs Füzulinin Aşağı Veysəlli kənd sakini olduğunu söyləyir. Deyir ki, xüsusilə rayon yerlərində lotoreyaya daha çox maraq var. O isə cəmi iki dəfə lotoreya alsa da ötən ilin fevral ayının 26-da aldığı 1 manatlıq lotoreyadan 25 min manat udub:

“25 min manatdan 2500 manatını vergiyə çıxdılar. Qalanı ilə də ev tikirəm”.

M. Qarayev də lotoreyada qalib olmağın bir şans məsələsi olduğuna inanır. Amma deyir ki, son vaxtlar lotoreyalarda uduş artdığından maraq da artıb: “Əvvəl udan mində bir nəfər olurdu. Amma indi insanlar aldığı lotoreyadan az da olsa udur. Birinin yaxını udanda isə insanlarda inam daha da artır. Mən də udandan sonra həftədə ən azı iki lotoreya alıram”.
Lotereyaların nə qədəri uduşlu olmalıdır?
Lotereya almağa maraq göstərən alıcılarla söhbət zamanı öyrənirik ki, onlar indiyədək satışa çıxardılan lotereyaların nə qədərinin uduşlu olması ilə maraqlanmayıblar. Onların hamısı lotereyada uduşun bəxtə-bəxt olduğuna inanırlar.
Bəs görəsən, satışa buraxılan lotereyaların nə qədəri uduşlu olmalıdır?
"Lotereyalar haqqında" qanuna görə, ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. Tirajlı lotereyanın uduş fondunun minimum həcmi, lotereyanın şərtlərindən asılı olaraq, müvafiq tiraj üzrə buraxılmış, yaxud satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz. Bu zaman lotereya təşkilatçıs tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır."
Lotoreya satışı köşkləri
"Azərlotereyadan" cavab
"Azərlotereya"dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, lotereya oyunlarının təşkili və keçirilməsi “Lotereyalar haqqında” Qanuna uyğun olaraq aparılır:
“Lotereya oyunlarına son dövrlər marağın artması bu oyunların qanuna uyğun olaraq təşkil olunması, oyunların təşkilində şəffaflığın təmin olunması, uduşların tam şəkildə və vaxtında verilməsi ilə əlaqədardır. Qeyd olunanlar vətəndaşlarda lotereya oyunlarına böyük marağa səbəb olub, irilı-xırdalı uduşların qazanılması nəticəsində vətəndaşlarda lotereya oyunlarına inam formalaşıb”.
Şəffaflıq necə təmin olunur?
O ki, qaldı lotereyalarda şəffaflığın necə təmin olunmasına, "Azərlotereya"dan bildirildi ki, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi İqtisadiyyat Nazirliyi tərəfindən “Lotereyalar haqqında” Qanuun 3-cü maddəsinə uyğun aparılır. Həmin maddədə sadalanan nəzarət formalarına lotereyaların qeydiyyatının aparılması, uduşların iştirakçılara ödənilməsinə nəzarət və digər formalar aiddir:
"“Lotereyalar haqqında” Qanunun 3.2.3-cü, 3.2.4-cü, 3.2.5-ci, 7.2-ci, 7.4-cü, 7.9-cu, 8-2.2-ci, 9.8-ci və 10.1.7-ci maddələrinin icrasını təmin etmək üçün 11 mart 2019-cu ildə “Lotereyaların təşkili və keçirilməsi Qaydası” qəbul edilibdir. Nəzarətin vacib formalarından biri hesabatlardır. “Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq, keçirilmiş ani lotereyaya dair üç növ hesabat İqtisadiyyat Nazirliyinə təqdim edilir və nazirlik məlumatları təhlil edərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edir. “Lotereyalar haqqında” Qanunun 3.3-cü madddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ani, tirajlı və virtual lotereyalar yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir və keçirilir. Başqa təşkilatlar tərəfindən belə lotereyaların keçirilməsi qanunsuzdur.“Azərlotereya” ASC-nin keçirdiyi ani lotereyalarda lotereyaların əsas şərtləri həm biletin üzərində, həm vebsaytda öz əksini tapır. Lotereya biletlərinin uduşlu olub- olmaması yalnız lotereya biletlərinin pozulduqdan sonra məlum olur. Əvvəlcədən hansı lotereya biletlərində uduşun olub olmaması məlumatı yoxdur. Bildiyiniz kimi ani lotereya biletləri dünyaca nüfuzlu Sientific Games İnternational şirkəti tərəfindən Böyük Britaniyanın Lids şəhərində dizayn və çap olunur və təhlükəsizliyi təmin edilir. Ani lotereyaların harada istehsal olunduğu biletlərin üzərində də yazılır".
Tiraj komissiyalarında təmsil olunanların seçiminə nəzarətlə bağlı suala isə qurumdan bildirildi ki, lotereyalar haqqında Qanunun 5-ci maddəsinə uyğun olaraq, “Azərlotereya” ASC tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədləri tiraj komissiyasının tərkibi formalaşana qədər İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalıdır. Nazirlik siyahı təqdim edildikdən siyahıda olan şəxslərdən hər hansı biri barədə səhv və ya təhrif olunmuş məlumatın təqdim edildiyini aşkar etdikdə, “Azərlotereya” ASC-yə məlumat verir və həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Bu müddət ərzində Nazirlik lotereya təşkilatçısına təqdim olunan məlumatların səhv olması və ya təhrif olunması barədə məlumat verməzsə, siyahı Nazirliklə razılaşdırılmış hesab olunur.
Məlumat üçün bildirək ki, hazırda lotereya oyunlarına nəzarət İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir. Qeyd edək ki, "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə yaradılıb. Prezident "Azərlotereya" ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu "Azərlotereya" ASC-nin Türkiyənin dünyada nüfuzlu "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə müəssisəsi olan "YMT Sans B.V." şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb. "Demirören Holding" Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru "Sisal SpA" ilə ortaq təşəbbüs quran "Demirören Holding" 2019-cu ildə Türkiyənin milli lotereyası "Milli Piyango"nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Qumar oyunlarına görə hansı məbləğdə cərimə edəcəklər - DETALLAR