İQTİSADİYYAT

Azərbaycandan ərzağın çıxarılması tənzimlənəcək - ŞƏRH

Əsas ərzaq məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq. Həmin malların siyahısı və iqtisadçıların məsələyə münasibəti Sputnik Azərbaycan-nın materialında.
Sputnik
BAKI, 31 mart — Sputnik. Azərbaycandan əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların çıxarılması tənzimlənəcək. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Həmin məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
İqtisadiyyat Nazirliyi həmin malların ölkədən aparılması ilə bağlı müraciətə beş iş günü müddətində baxacaq və rəy verəcək. Bu il ölkəmizdən çıxarılması tənzimlənən malların siyahısı da artıq müəyyənləşib.
Daxili bazarı qorumaq mühüm məsələdir
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım daxili bazarın qorunması, daxili bazarda sabitliyin yaranması, kəskin bahalaşmanın qarşısını almaq üçün atılıb:
"Bir çox ölkələr də bənzər addımlar atıblar. Məsələn, Türkiyədə bir sıra ərzaq məhsullarının ixracına qadağa qoyulub. Dünyada logistikanın, ərzağın bahalaşması ölkələri adekvat addımlar atmağa sövq edir. Bu addımlardan biri də ərzaq məhsullarının ixracının məhdudlaşdırılmasıdır. Azərbaycan da eyni addımı atdı. Bu, daxili bazarda sabitliyin yaranmasına dəstək verən amillərdən biri ola bilər. Ancaq təkcə bu addımla ərzaq qiymətlərinin yüksəlməsinin qarşısını almaq, bolluğa səbəb olmaq mümkün deyil. Digər addımların da atılması yaxşı olardı. Belə ki, daxili istehsalın artırılmasına, Azərbaycanda istehsalı olmayan və yaxud az olan məhsulların idxalının stimullaşdırılması üçün gömrük rüsumlarında güzəştlərə ehtiyac var".
İqtisadçı-ekspert Natiq Cəfərli
Dünyada bəzi ərzaq növlərinin çatışmazlığı müşahidə ediləcək
Ekspert bildirib ki, qarşıdakı dövrlərdə dünyada ərzaq ilə bağlı müəyyən təhlükələr var:
"Çünki təchizat zəncirləri də qırılır, təchizatda ciddi problemlər yaranır. Logistika bahalaşır və ölkələr daha çox daxili bazarlarını qorumağa çalışırlar. Bu, problemlər yarada bilər. Dünyada elə ərzaq növləri var ki, orada Rusiya və Ukraynanın payı kifayət qədər yüksəkdir. Məsələn, bitki yağlarında iki ölkənin dünyadakı payı günəbaxan və qarğıdalı yağı üzrə 58 faizdir. Bu, böyük rəqəmdir. Bəzi ərzaq növləri üzrə daha ciddi bahalaşma ola bilər. Bahalaşmadan əlavə isə dünyada bəzi ərzaq növlərinin çatışmazlığı müşahidə ediləcək".
BMT-dən xəbərdarlıq
Deputat Vüqar Bayramov da bildirib ki, dünya ərzaq bazarında qiymət artımları son günlər daha da sürətlənib: "Artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də rastlaşırlar. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Ərzaq tələb isə artmaqda davam edir".
Nazirlər Kabinetinin qərarı ümumi ixracata xüsusi təsir etməyəcək
O qeyd edib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıb: "Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır. Doğrudur, söhbət sadəcə 88,3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3,3 faizini təşkil edir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi".
Azərbaycanda ərzaq qıtlığı yoxdur
Deputat bildirib ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də əsas ərzaq məhsullar üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha da prioritetləşib: "Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan da xüsusən strateji ərzaq məhsulların yerli istehsalının genişləndirilməsi və işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir".
"Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq"-deyə o əlavə edib.
Nazirlər Kabinetinin qərarı
Qeyd edək ki, Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
Qərara əsasən siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs "İnzibati icraat haqqında" qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən beş iş günü müddətində baxacaq. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim ediləcək. Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Azərbaycandan aparılması tənzimlənəcək ərzaq malları müəyyənləşib. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:
Diri iribuynuzlu mal-qara, diri qoyunlar və keçilər, təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti, dondurulmuş iribuynuzlu mal-qara əti, təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti,
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti, ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti, ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları, ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları,
Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici, maddələr əlavə edilmiş süd və qaymaq, kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar,
Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları,
Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla),
Unüyütmə-yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda özü,
Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları, günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ, qarğıdalı yağı və onun fraksiyaları, xam yağ, bitki piyləri və yağları və onların fraksiyaları, marqarin,
Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza, pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar,
İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni,
Yeyinti sənayesinin qalıqları və tullantıları, heyvanlar üçün hazır yem.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə həsr olunan müşavirə
29 martda Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub.
Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Rusiyanın şəkər ixracına qadağası Azərbaycanda qiymətlərə ciddi təsir etməyəcək - Ekspert