BAKI, 30 mart - Sputnik. Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Azərbaycan milli komandası qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.
Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığma 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxıb.
Report-un qeydinə görə, milli komanda 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.
Bu, sərbəst güləşçilərin son 1 ayda ikinci uğurudur. 7 - 13 martda Bolqarıstanın Plovdiv şəhərində baş tutmuş U-23 Avropa çempionatında da müvafiq yığma komanda hesabında 1-ci yerə çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.