PAYTAXT XƏBƏRLƏRİ

Bakı məktəblərində psixoloq yerlərinə vakansiya var

Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.
Sputnik
BAKI, 29 mart — Sputnik. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.
Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə fevralın 1-dən başlanılıb. Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 40 sual (30 psixologiya, 5 məntiq, 5 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibələrdə iştirak etmək hüququ qazanacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.