BAKI, 27 mart - Sputnik. Rusiyada 2022-ci ilin əvvəlindən fiziki şəxslərə məxsus və şəxsi məqsədlər üçün istifadə edilən avtomobil və motosikletlərin sahiblərinə təsir edən icbari texniki baxışı ləğv edən qanun qüvvəyə minib.
Eyni zamanda, taksi, avtobus, yük avtomobilləri, xidməti və kommersiya nəqliyyatı vasitələrinə münasibətdə texniki baxışdan keçmək öhdəliyi qalıb.
Avtomobil parkının köhnəliyi mane olur
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, hazırda Azərbaycanda avtomobil parkının 70%-ə yaxınını köhnə avtomobillər təşkil edir. Bunun nəticəsidir ki, yollarda nasaz avtomobillərin törətdiyi ağır yol-nəqliyyat hadisələri getdikcə artır.
“Rusiyada avtomobillərin icbari texniki baxışdan keçirilməsi aradan qaldırılıb. Bunun istəyə bağlı olduğu ölkələrin öz geniş miqyaslı avtomobil istehsalı və bu məsələdə böyük təcrübələri var. Təbii ki, orada parkın yenilənməsi ilə bağlı məsələlər o qədər də kəskin deyil”, - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.
Muradlı əmindir ki, əksər qəzalarda çox pis vəziyyətdə olan avtomobillərin texniki göstəriciləri mühüm rol oynayır.
"Bu, reallıqdır. Ona görə də Azərbaycan kimi ölkələrdə texniki baxış qaçılmazdır. Çünki avtomobil parkının yenilənməsi və texniki baxışa nəzarətin yaradılması bizim tam həll etmədiyimiz məsələlərdir", - deyə ekspert bildirib.
Sürücülər təhlükəsizlik qaydalarına məhəl qoymurlar
Ekspert eyni zamanda qeyd edib ki, Azərbaycanda texniki baxış könüllü olarsa, sürücülər bundan müntəzəm şəkildə keçməyəcək:
“Sürücülərə avtomobillərini saz vəziyyətdə saxlamağı, işıqlandırma cihazlarına müdaxilə etməməti, maşında ilkin tibbi yardım çantası və yanğınsöndürən balon olmasını nə qədər tövsiyə etsək də, onlar könüllü olaraq bu qaydalara nadir hallarda əməl edirlər”.
O, əmindir ki, sürücülər sırf texniki baxışdan keçmək üçün çatışmayan əşyaları alır və avtomobillərdəki bəzi nasazlıqları aradan qaldırırlar.
Üstəlik, ekspert əlavə edib ki, texniki baxış zamanı oğurlanmış, dövlət qeydiyyatı olmayan avtomobillər aşkarlanır.
Həmçinin, müfəttiş sürücü müəyyən səbəblərdən mühərriki dəyişdirəndə avtomobil sahiblərini həmin mühərriki qeydiyyata almağa məcbur edir.
"Ona görə də Azərbaycanda texniki baxışın aradan qaldırılmasından söhbət gedə bilməz. Şəxsən mən bunun tərəfdarı deyiləm", - deyə Muradlı fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.