BAKI, 24 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"İclasda Mişustin (Mixail), Matviyenko (Valentina), Volodin (Vyaçeslav), Medvedev (Dmitri), Patruşev (Nikolay), Kolokoltsev (Vladimir), Lavrov (Sergey), Şoyqu (Sergey), Bortnikov (Aleksandr), Narışkin (Sergey) və Sergey İvanov iştirak ediblər. İclas iştirakçıları ölkədə mövcud makroiqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müdafiə naziri Şoyqu xüsusi hərbi əməliyyatın gedişi, eləcə də işğaldan azad edilmiş ərazilərdə humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və həyati vacib infrastrukturun bərpası üzrə davam edən hərbi səylər haqqında məlumat verib”, - deyə Peskov bildirib.
Bundan başqa, onun sözlərinə görə, iclasda anti-sanksiya mövzularına da toxunulub.
"Ukrayna ilə danışıqlar prosesi ilə bağlı ətraflı söhbət olub. Ukrayna tərəfinin ləngliyinə görə təəssüf hissi ifadə olunub", - prezidentin mətbuat katibi bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.