BAKI, 26 mart — Sputnik. Azər Hacıəsgərli bir çox musiqi əsərlərinin müəllifi, 30-dan artıq filmin bəstəkarıdır. 1996-2005-ci illərdə 21 saylı Rostropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2005-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsini bitirən Hacıəsgərli sonra Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında (ГуКиТ.С.П) ixtisasartırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb. O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və səs mütəxəssisi olaraq çalışan bəstəkar, Sputnik Azərbaycan-a müasir Azərbaycan və dünya musiqisinin problemlərindən və mübahisə doğuran məsələlərdən söhbət açıb.
Azər Hacıəsgərli
© Sputnik / Murad Orujov
Müasir musiqi və dinləyici problemi
Bəstəkar öncə musiqi haqqında fikirlərini bölüşüb: "Musiqi sirli bir aləmdir. Dünyada çox nadir musiqiçilər var ki, onların bütün işləri sevilib. Elə mahnılar var ki, onlar ciddi əsərdir, kommersiya xarakteri daşımır. Elə musiqi də də var ki, onlar konkret kommersiya məqsədi ilə yazılıb. Bu məqsədlə də yazılanda da baxırlar ki, günün tələbi nədirsə, ona uyğun da mahnı bəstələnir. Mən müğənni tanıyıram, mahnı yazdırıb, ona xeyli pul xərcləyib. Amma o mahnı loru dillə desək, "tutmayıb". Amma bayağı bir mahnı ilə milyonlar qazanan var".
Azər bəy qeyd edib ki, indi savadlı dinləyici çox azdır. Məqsəd mahnıdan pul qazanmaqdırsa, o zaman çalışırlar ki, sözlər və musiqi maksimum sadə olsun: "Axı avtobus sürücüsünün nəyinə lazımdır qəliz sözlər və musiqi. Ona lazımdır ki, mahnı başını qatsın və rahat anlaşılan olsun. Nəticədə də bütün musiqi nümunələri bir-birinə bənzəyir. Paytaxtımızda bir çox konsert salonları və teatrlar var. Orada da həmişə konsertlər təşkil olunur. Biz ora dincəlməyə getməliyik. Amma bu sənət məbədlərinə çox az adam gedir. Bilmirəm, bəlkə də işimizi düzgün qurmamışıq".
Bəstəkar vurğulayıb ki, müğənnilərimiz musiqidə yeni janr və formalardan qaçırlar. Məsələn, türk stilli musiqi təqdim etsən, qəbul edəcəklər, çünki eşidiblər. Amma yeni bir janr versən, qaçacaqlar: "Məsələn, Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarımız hər çətinliyə qatlaşırdılar və yeni mahnıları özünəməxsus şəkildə ifa edirdilər. Bu, həm də onların musiqiyə sevgisi və yaradıcı olmalarından irəli gəlirdi. Amma indiki müğənnilər əziyyət çəkmək istəmirlər, Sıfırdan tərz yaratmağa qorxurlar, daha çox özlərindən əvvəl oxunmuş mahnılara və tərzlərə müraciət edirlər".
Azər Hacıəsgərli
© Sputnik / Murad Orujov
Mahnıya yeni "nəfəs" verilməsi - "Neo"
Bəstəkar son zamanlar yaranana yeni tendensiya, yəni, müğənnilərin illər əvvəl oxuduqları mahnıya yeni "nəfəs" verməsinə də münasibət bildirib.
"Neo" anlayışı bütün dünyada var. Bu, çox yaxşıdır, çünki 20 il öncə yazılmış musiqini cavan nəslə bu dövrün tələblərinə uyğun təqdim edirsən. Əslində bu, çox böyük riskdir. Məsələn, Faiq Ağayev "Səni əvəz eləmir" mahnısını 20 il öncə oxuyub, yenidən o mahnıya qayıtdı. Tamaşaçı onu qəbul etməyə də bilərdi.
Musiqi cəbhəsindəki Erməni-Azərbaycan döyüşləri
Hacıəsgərli musiqi nümunələri ətrafında ermənilər və azərbaycanlılar arasında düşən mübahisələri şərh edib.
"Təbii ki, heç kəsə sirr deyil ki, ermənilər həmişə torpaqlarımızı, mətbəximizi, musiqimizi öz adlarına çıxıblar və bu yalanlarını dünyaya car çəkiblər. Üzeyir bəy başda olmaqla, bəstəkarlarımız kəndbəkənd, oba-oba gəzib melodiyalar toplayıblar. Ermənilərdə də belə musiqiçilər olub. Onlardan ən tanınmışı Komitasdır(Soqomon Kevorq Soqomonyan). Həmin şəxs keşiş olub, Türkiyədə yaşayıb. Fransada musiqi təhsili alıb. Tək erməni mahnılarını yox, türk, kürd, Azərbaycan, İran melodiya və xalq intonasiyalarını toplayaraq arxiv yaradıb. Sübut kimi onun bioqrafiyasina baxmaq kifayətdir. Hazırda ermənilər mənbə kimi o arxivdən istifadə edirlər. Biz Üzeyir bəyin yolunu davam etdirməliyik. Azərbaycanın bölgələrində musiqi folklor nümunələrindən ibarət neçə-neçə xəzinə var ki, bir müddətdən sonra onlar itib-batacaq. Mütləq onları toplamaq lazımdır".
Bəstəkar Azərbaycan və erməni musiqisinin oxşar və fərqli cəhətlərindən söz açıb. Onun sözlərinə görə, Azərbaycan musiqisi sistemlidir, muğam, aşıq ladlarımız var. Bir çox ölklərdə belə sistem ümumiyyətlə yoxdur. Məsələn, bütün Avropa italyan ladları (major, minor) üzərində qurulub: "Bizim musiqimizdə türk xalqlarının musiqisində olduğu kimi müəyyən melodik uzatmalar var, amma ermənilərdə bu yoxdur. Onlar onu musiqi taktlarını kvadratlara bölürlər, yəni eyni ölçülü olur.
Azər Hacıəsgərli
© Sputnik / Murad Orujov
Nümunə gətirim, Üzeyir bəyin istifadə etdiyi "Uzundərə" rəqsi ilə Xaçaturyanın "Qayane" baletindəki analoji musiqini müqayisə etsək, görərik ki, orada klassik taktlara uyğun kvadratlardır. Hiss olunur ki, onlar, not sisteminə rahat uyğunlaşsın, Avropa stilinə yaxın olsun deyə, belə ediblər. Bir sözlə, bu, estetik cəhətdən gözəl olsa da, musiqinin mahiyyətini təhrif edir. Əvvəllər, yəni sovet dövründə bu mübahisələrə icazə verilmirdi. Amma indi bu haqda elmi şəkildə çox rahatlıqla danışmaq olur. Ondan başlayaq ki, erməni musiqisində muğam ladı yoxdur. Həm də, daha çox onların musiqisi bizim musiqinin imitasiyasıdır" (imistasiya - Musiqi motivinin bir interval yuxarı və ya aşağı olaraq başqa səslə təkrarı; təqlid. Çox zaman əsas melodiya ardıcıl olaraq başqa səslərdə ya eyni ilə, ya da döndərmə yolla təkrar edilə bilər - red.).
"Qarabağ inciləri" kimindir?
Musiqiçi, illərdir iki ölkə vətəndaşları arasında fərqli mübahisələrə səbəb olan "Qarabağ inciləri"nə də aydınlıq gətirib: "Sovet rejimi zamanı klassik musiqinin inkişafına daha çox şərait yaradılırdı. Aşıq musiqisi və ya muğam sıxışdırılırdı. Bu da ruhumuzun güzgüsü olan bu zəngin mənəvi xəzinəmizdən, daha doğrusu bizi kökümüzdən ayırmaq istəyindən irəli gəlirdi. Uzun müddət filmlərə musiqi tərtibatı vermişəm. Bir söz deyim, 2010-2012-ci illərdə Azərbaycan filmləri üçün klassik musiqi nümunələri axtaran zaman rus saytlarına müraciət etdim. Baxdım ki, müəyyən Azərbaycan intonasiyalarından istifadə edilmiş eyni musiqi "Azərbaycan" adı ilə Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirov imzasıyla saytlara yerləşdirilib. Bunu kim etmişdirsə, məqsədi ara qatmaq idi.
Sonralar bu "Azərbaycan" "Qarabağ incisi" adı ilə sosial şəbəkələrdə və portallarda Fikrət Əmirovun əsəri kimi təqdim olundu. Bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov da arxivdə atasına aid belə bir əsərin olmadığını bildirdi. Düşünürəm ki, bu da məkrli erməni təxribatıdır. Əslində, bu musiqi erməni bəstəkarı Gevorkyanındır. Bununla da onlar göstərmək istəyirlər ki, biz azərbaycanlılar da erməni musiqisindən istifadə edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.