BAKI, 23 mart - Sputnik. Bayram günlərində yollarda həyatını itirənlərin sayı açıqlanıb. Belə ki, Azərbaycanda son iki gündə yol qəzalarında 6 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən martın 21-də və 22-də törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, iki gün ərzində ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.