CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əhalinin 85 faizi internetdən istifadə edir - RİN

Rövşən Rüstəmov bildirib ki, məqsəd 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir.
Sputnik
BAKI, 22 mart - Sputnik. 21 mart tarixində Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi aparılıb.
Məlumata görə, tədbirin ilk günü nazir müavini Rövşən Rüstəmov məruzə ilə çıxış edərək,Azərbaycanda İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Nazir müavini bildirib ki, ölkəmizdə, əhalinin demək olar ki, 85 faizi internetdən istifadə edir.
“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”, – deyə R. Rüstəmov qeyd edib.
Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə çatdırıb.
R. Rüstəmov bildirib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir. Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda strateji hədəflərdən biridir. Bu məsələdə ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının əhəmiyyətli roluna böyük önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin problemləri həll etmək üçün bir araya gəldiyi vacib platformadır.
R. Rüstəmov, eyni zamanda cari ilin sentyabr-oktyabr aylarında Buxarest şəhərində keçiriləcək Səlahiyyətli Konfransda Azərbaycanın növbəti müddət üzrə Şura üzvlüyünə və ölkəmizin nümayəndəsi Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Bürosunun üzvlüyünə namizədliklərinin irəli sürüldüyünü bəyan edib.
Qeyd edək ki, Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviç və Standartlaşdırma Bürosunun direktoru Çeysub Li ilə görüşlər keçirib, BTİ ilə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə müzakirələr aparıb. Həmçinin ABŞ, Rumıniya, Türkiyə, Qana və Uqanda nümayəndə heyətləri ilə baş tutan ikitərəfli görüşlər zamanı BTİ çərçivəsində tərəfdaşlıq üzrə perspektivlər və təşkilatın növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb