SƏHİYYƏ

Pandemiyanın başa çatmasına hələ çox var

"Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb
Sputnik
BAKI, 19 mart — Sputnik. Yeni növ koronavirus (COVID-19) pandemiyasının bitməsinə hələ çox var.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge bunu APA-ya bildirib.
O, koronavirusun "Omicron" ştammının Avropada pandemiyaya son qoya biləcəyinə dair bir müddət əvvəl dediyi fikirlərə də aydınlıq gətirib:
“Biz çox ayıq-sayıq olmalıyıq. Mən pandemiya bitəcək deməmişəm, sadəcə bitməsinə ümid var söyləmişəm. Demişəm ki, optimist olmalıyıq. Niyə?! Bunun üçün üç faktor var. Birincisi, "Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb. İkinci faktor mövsümiliklə əlaqəlidir, çünki artıq qış bitir. Üçüncü faktor isə bundan ibarətdir ki, tam şəkildə peyvənd olunmuş insanlar "Omicron"u daha yüngül keçirir”.
ÜST rəsmisinin sözlərinə görə, bu faktorlar yay mövsümündə xəstəliyi daha yüngül keçirməyə imkan yarada bilər.
İlk yoluxma
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda yoluxma
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi.
Qadağalar
Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.