BAKI, 18 mart — Sputnik. Rusiya hərbçiləri gecə saatlarında biri Bayraktar da daxil olmaqla altı Ukrayna pilotsuz təyyarəsini vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
"Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus daha 6 pilotsuz uçuş aparatını, o cümlədən biri Bayraktar TB-2-ni havada vurub", - deyə Konaşenkov bildirib.
"Operativ-taktiki, hərbi və pilotsuz aviasiyamız Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında dörd reaktiv yaylım atəşi sistemi, üç komanda məntəqəsi, səkkiz silah-sursat anbarı və 28 hərbi texnikanın toplanış məntəqəsi var.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 183 pilotsuz uçuş aparatı, 1406 tank və digər zirehli döyüş texnikası, 138 reaktiv yaylım atəşi sistemi, 535 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1197 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - general qeyd edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi üçüncü gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.