İDMAN

Bir neçə gün əvvəl tənqid olunmuş federasiyaya vəsait ayrıldı

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir
Sputnik
BAKI, 18 mart — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
2021-ci il dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
İclasda səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə federasiya prezidenti seçilib.
***
"Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü".
Bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm", - dövlət başçısı bildirib.
İDMAN
Qadın güləşçimiz Avropa çempionu oldu