BAKI, 17 mart — Sputnik. "Rusiya rəsmi Bakı və Yerevanın sülh müqaviləsinin imzalanmasına hazırlıq nümayiş etdirməsini alqışlayır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz Bakı və Yerevanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün hazır olmasını alqışlayırıq və danışıqlar prosesinə hər cür kömək etmək niyyətimizi bir daha təsdiqləyirik", - Zaxarova cümə axşamı brifinqdə deyib.
O əlavə edib ki, sülh müqaviləsinin imzalanmasının vaxtı barədə danışmaq hələ tezdir.
Zaxarova həmçinin qeyd edib ki, Moskva müvafiq ikitərəfli komissiyanın yaradılması ilə Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyasına tərəfdardır.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Yerevana təqdim olunan təklifləri açıqlayıb.
Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.