QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minsk Qrupu ermənilər üçün xilas kəməri kimi bir şeyə çevrilir - Politoloq

Millət vəkili hesab edir ki, qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımaqdan imtina etməkdədir.
Sputnik
BAKI, 17 mart — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Sputnik Azərbaycan ATƏT-in Minsk Qrupunun sülh prosesində oynaya biləcəyi rolla bağlı Millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, 28 il ərzində ilk vaxtlar ATƏM adlanan, sonradan isə ATƏT-in Minsk Qrupu kimi fəaliyyət göstərən vasitəçinin heç bir təsirli fəaliyyətini görmədik:
"Hər zaman müşahidə etdik ki, Minsk Qrupunun münaqişənin tənzimlənməsinə yanaşması doğru deyil. Vasitəçi münaqişəni tənzimləmək istəyirsə, hər şeydən öncə onun predmetinə düzgün yanaşma sərgiləməlidir. Bu münaqişənin təməlində duran səbəb Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti idi".
Millət vəkili deyib ki, ATƏT-in Minsk Qrupu ilk olaraq münaqişənin mahiyyəti ilə bağlı heç vaxt obyektiv yanaşma sərgiləməyibsə, təbii ki, o münaqişənin tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstərə bilməzdi:
"Bu baxımdan post-münaqişə dövründə də Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesində hər hansı səmərəli fəaliyyət nümayiş etdirə bilməz. Bir çox hallarda ATƏT-in Minsk Qrupu işğalçının mövqeyinə dəstək olacaq addımlarla yadda qalıb. Misal olaraq deyə bilərik ki, həmin təşkilatın ötən əsrin 97-98 illərində münaqişənin həll üçün təqdim etdiyi tənzimləmə formaları Ermənistanın maraqlarına xidmət edirdi".
Elşad Mirbəşiroğlu qeyd edib ki, Paşinyanın həm Fransaya səfəri zamanı, həm də Rusiya Prezidenti ilə telefon danışığında Minsk Qrupunun fəaliyyətini yenidən qabartması Ermənistan tərəfinin prosesin nizamlanmasındakı qeyri-konstruktiv mövqeyini nümayiş etdirir: "Ermənistan tərəfi istəyir ki, vəziyyət ölü nöqtəsində qalsın. Azərbaycanın irəli sürdüyü təkliflərə Ermənistan tərəfi cavab mövqeyi sərgiləmir. Bu, ona dəlalət edir ki, qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımaqdan imtina etməkdədir".
Ermənistan ATƏT-in Minsk Qrupunu dövriyyəyə qatmaqla özünə köməkçi vasitə yaratmağa çalışır, deyən millət vəkili vurğulayıb ki, bu ölkəni dəstəkləyən qərbdəki dairələr də bu məsələdə israr edirlər:
"Düşünürəm ki, Paşinyan Fransada olarkən bu istiqamətdə təlimatlar almış ola bilər. Yekun olaraq onu deyə bilərəm ki, ATƏT-in Minsk Qrupu sülh prosesində hər hansı tənzimləyici və normallaşdırıcı addımlar atmayacaq. Yeni reallıqlar şəraitində Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Burada Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində qurulan təmaslar nəzərə alınmalıdır".
"İndiki şəraitdə ən effektiv vasitəçiliyi Türkiyə həyata keçirə bilər. Digər tərəfdən Rusiyanın vasitəçiliyi ilə bəyanat imzalanıbdır və həmin bəyanatdakı müddəlar həyata keçirilməlidir" - deyə E. Mirbəşiroğlu bildirib.
Politoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov isə bildirib ki, Ermənistan məğlubiyyətlə barışmaq istəmir: "Onlar Minsk Qrupu vasitəsilə status məsələsini gündəmə gətirmək istəyirlər. Çünki status məsələsi birdəfəlik artıq gündəmdən çıxıb. Azərbaycan bu mövzuya bir daha qayıtmayacaq. Biz bunu yaxşı bilirik ki, Ermənistan bütün prosesləri süründürür və çalışır ki, vaxt udsun. Minsk Qrupu da onlar üçün xilas kəməri kimi bir şeyə çevrilir".
Politoloq hesab edir ki, Azərbaycanın bu məsələyə münasibəti son dərəcə neqativdir: "Azərbaycan hər hansı şəkildə bu təşəbbüsə hə deməyəcək. Azərbaycanın razılığı olmadan Minsk Qrupunun prosesə qatılması mümkünsüzdür. Onlar prosesdə fasilə yaranmasına nail olmaq istəyir. Bu vasitə ilə də Minsk Qrupunu gündəmə gətirməkdə maraqlıdırlar. Prosesdə isə son sözü Azərbaycan deyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
QARABAĞ
Regionda dayanıqlı inkişafın ilkin şərti sülh müqaviləsinin imzalanmasıdır - Politoloq