MƏDƏNİYYƏT

Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib

Yazıçının oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib
Sputnik
BAKI, 16 mart — Sputnik. Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət yoldaşları və dövlət xadimləri iştirak ediblər.
Mərasimdə iştirak edənlər görkəmli incəsənət xadimi ilə bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Hacı İsmayılov Rüstəm İbrahimbəyovla ilk görüşünü belə xatırlayır:
"Mən onun ssenari müəllifi olduğu 5 filmdə rol almışam. Onların da rejissoru Rasim Ocaqov idi. "Ad günü" filmi çəkiləndə mən Rüstəm İbrahimbəyov haqqında eşitmişdim, amma şəxsi tanışlığımız yox idi. Çəkiliş bitəndən sonra mən onu tanıdım və dostluğumuz başladı. 1980-ci ildə həmin filmə görə biz dövlət mükajatı alandıq. Ulu öndər Heydər Əliyev şəxsən özü bizə bu mükafatı təqdim etmişdi. Ondan sonra "Özgə ömür", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "Bağlı qapı arxasında" filmlərinə çəkildim. O Azərbaycan kinosunu nəinki Azərbaycanda, hətta bütün dünyada tanıtdı".
Aktyor Fərhad İsrafilov İbrahimbəyovla bağlı xatirələrini bölüşərkən bildirdi ki, o çox səmimi insan idi və ona həm sənət insanı olaraq həmişə yardım edib:
"İttifaq ayrılanda mən ona sadiq qaldım. Təəssüf ki, bəzi sənət adamları ona xəyaənət etdilər. Vicdanı olan sənət adamları ona sadiq qaldılar. Amma onun ssenariləri əsasında məşhurlaşanların bəziləri ona nankorluq etdilər".
Əməkdar incəsənət xadimi, kinooperator Nizami Abbas bildirir ki, onun ssenarisi əsasında iki filmə çəkilib:
"Mən onun "Etimad telefonu" filminin və "Əlvida cənub şəhəri" filminin operatoru olmuşam. Biz bu gün "cənub şəhəri"nə əlvida deyirik. Rüstəm müəllim kinomuzu yetim qoydu. Rüstəm müəllim Bakı məhəllələrinin yetirməsi idi. Onun bütün işlərində o ab-hava var idi. O sübut etdi ki, dəpədən dırnağa bakılı olmaq, mentaliteti qoruyub saxlamaq, bununla belə, dünya mədəniyyətinə də qaynayıb qarışmaq mümkün imiş. Köklər adama mane olmur, köklərdən qopmaq heç də göylərə uçmaq deyil. Rüstəm bəy bunu sübut elədi".
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov təəssüflə qeyd etdi ki, Azərbaycan incəsənəti itirə-itirə gedir, yerləri də dolmur:
"Ən son bu qədər sənət adamının bir araya nə vaxt gəldiyini xatırlamıram. Sıralarımız getdikcə azalır, amma inanıram ki, su gələn arxa, bir də gələr. Mən Akademik Milli Dram teatrında onun pyesi əsasında səhnələşdirilmiş "Biganələr oteli" tamaşasında Amerika yazıçısını oynamışam. Böyük sənətkarlar yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz. Rüstəm müəllim inci idi, biz onu itirdik".
Əməkdar incəsənət xadimi, drammaturq Əli Əmirli vurğulayır ki, Azərbaycan və dünya kinosu yaradıcı şəxsiyyəti itirib. Onun hər əsəri tamaşaya qoyulanda, filmə çəkiləndə Rüstəm İbrahimbəyov yaşayacaq:
"Onu əbədiyyətə yola salırıq. Elə insanlar var ki, onlar milləti, xalqı tanıdırlar. Rüstəm müəllim də belə şəxsiyyət idi. "Yaşıl qapı arxasında qadın" pyesini eyni vaxtda SSRİ-nin 40-dan çox teatrında paralel nümayiş etdirilmişdi. Mənim "Köhnə ev" pyesimin premyerasının birinci pərdəsindən sonra mənə dedilər ki, İbrahimbəyov səni görmək istəyir. Mənə dedi ki, "bu əsərə baxanda 5 dəqiqədən sonra anladım ki, bu əsəri yazan əsl drammaturqdur". Sonradan çox yaxın dostluğumuz başladı. Nikita Mixalkovun 1994-cü ildə lentə aldığı "Günəşdən usanmışlar" filmin ssenarisini Rüstəm İbrahimbəyov yazıb. Film 1994-cü ildə "Ən Yaxşı Xarici Film" nominasiyasında qalib gələrək, "Oskar" mükafatına layiq görülmüşdü. Sözsüz ki, bu filmin "Oskar" almasında onun rolu çox böyük idi. Çünki, hər şey ssenaridən başlayır".
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşən Rüstəm ibrəhimbəyovla dost olub. O, mərhum sotu ilə bağlı xatirlərini dilə gətirdi:
"Bizim Azərbaycan Ziyalılar Forumunda bir ifadə işlətmişdim ki, ziyalı hakim deyil, həkimdir. Onda Rüstəm mənim sözümə düzəliş verdi ki, həkim də deyil ağrısıdır. Yəni, yazıçı, sənətkar cəmiyyətin ağrılı nöqtələrini göstərməlidir. Yəni, cəmiyyətin ağrılı nöqtlərini göstərmək üçün heç də hansısa siyasi qurumda olması vacib deyil. Rüstəm nə deyibsə, bu onun bioqrafiyasının bir səhifəsidir. Rüstəm eyni zamanda, həm də təşkilatçı idi. Ondan sonra kinoun təşkilati işlərində boşluqlar olacaq".
Tanınmış alim Rafiq Əliyev bildirir ki, Sovet kino sənətinin şedevrlərindən biri olan Vladimir Motılın quruluşunda Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Səhranın bəyaz günəşi" filmi elə bir film idi ki, kosmnonavtlar kosmosa uçanda yeganə bu filmə baxırdılar. Mən həmişə arzulayıram ki, heç olmasa, 10 ildən bir, 20 ildən bir Azərbaycana "Oskar" gələrdi. Bunun pioneri mənim əziz dostum Rüstəm İbrahimbəyov olub. Ölkəni nə yeraltı, nə də yerüstü sərvətləri tanıdır. Ölkəni xalqın içindən çıxmış isteadlı insanları tanıdır. Seçilmiş insanlar da barmaqla sayılacaq qədərdir. Rüstəm də Azərbaycanı dünyada tanıdan insan idi. Mən bir dost kimi onun şəxsi keyfiyyətindən danışım. O çox sədaqətli insan idi".
Mərhum sənətkala 40 ildən çox dostluq edən Xalq artisti Rasim Balayev də İbrahimbəyovla bağlı xatirələrini bölüşüb O bildirib ki, Rüstəm İbrahimbəyov onun üçün həm dost, həm də Azərbaycan mədəniyyətinin flaqmanlarından biri olub:
"Təxminən 25 ilə yaxın Kino İttifaqında birlikdə çalışmışıq. O dünyəvi sənətkar idi. Onun əsərləri Avropa teatrlarında, Sovet ölkələrinin teatrlarında səhnələşdilib. Onun 60 illiyi Moskvada qeyd olunmuşdu. Biz də iştirak etmişdik. Onun nə qədər hörmət-izzət sahibi olduğunu bir daha şahidi oldum. Çox yüksək təşkilatçılıq qabillətinə malik insan idi. Kino ilə bağlı bütün problemləri dövlət səviyyəsində həll edə bilən qüdrətli sənətkar idi. Son dövrlərdə Azərbaycan incəsənətinin yetişdirdiyi iki nəhəng simadan biri vəfat edib. Onların biri Rüstəm İbrahimbəyov, digəri isə Tahir Salahov idi"
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb. O, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib. Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onlar R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərini vurğulayıblar, Xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər.
Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 11-i Moskvada dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. Onun "Urqa - məhəbbət dairəsi" əsəri Nikita Mixalkov tərəfindən ekranlaşdırılmış, ABŞ-da "Cənnətə bağlı" adıyla tanınmışdı.
Film Venesiya Film Festivalının Qızıl Şir Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks Mükafatı"na layiq görülmüşdü. Bu film hətta ən yaxşı xarici dildə tərcüməyə görə, 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına layiq görülmüşdü. Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filminə görə "Ən yaxşı xarici dilli film" kimi Akademiya Mükafatı, Jurinin Böyük Prizi təqdim olunmuşdu.
Həmin film 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya Mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov vəfat edib -VİDEO