Zaqatalada yaşayan avarlar bayramı çox şən, həvəslə qarşılayırlar.
Torpaq (ilaxır) çərşənbəsini avar xalqının necə keçirdiyini görmək üçün Sputnik Azərbaycan-ın əməkdaşları Zaqatalanın Dardoqqaz kəndində Şəhmir Qasımovun evində olub.
Çərşənbədə ilk öncə həyət süpürülür, təmizlik işləri görülür. Daha sonra gözəl şirniyyat süfrəsi hazırlanır. Ardınca yemək süfrəsi açılır və yaxın qohumlar, qonşular təbrikə gəlirlər.
Avarların bayram süfrəsində mütləq onlara məxsus şor və gicitkəndən hazırlanan "girs" adlı xəmir xörəyi hazırlanır. Bundan başqa, milli mətbəximizdən plov, dolma da mütləq süfrədə olur.
Ailə ilaxır çərşənbədə həyətdə qaladığı ocaqda sacın üstündə avarlara məxsus "Maxara"adlı yeməyi bişirirlər. Maxaranın yanında mütləq samovar çay içilir. Uşaqlar qaynadılıb bəzədilmiş yumurtaları döyüşdürür, yelləncəkdə yellənir və ocaq üzərindən atlanırlar.
Bayramı şən keçirmək üçün şimal bölgəsində məşhur olan çalğı aləti dambur (tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir-red.) çalınır. Şimal-Qərb rayonlarının məşhur dambur ifaçısı Məhəmməd Mikayıloğlu və digər çalğı alətlərində ifa edənlər məclisə böyük nəşə qatmış olurlar.
Çərşənbədə uşaqlar avarlara məxsus milli rəqsləri də məmnuniyyətlə ifa edirlər.