BAKI, 15 mart - Sputnik. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə əsasən, bu, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərinə dair şərhində əksini tapıb.
“Biz, dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük.
Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.
Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”, - qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.