BAKI, 14 mart — Sputnik. Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Sputnik Azərbaycan Nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə AR XİN rəhbər heyəti, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib.
Nazir müavini, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb. E. Məmmədov, post münaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb.
Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb.
Seyid Abbas Musəvi, Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmmunluqla vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.