BAKI, 14 mart — Sputnik. Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan 17 yaşlı gənci zorlamaqda təqsirləndirilən Rəşid Gözəlovun barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.
Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, yeniyetmənin 17 yaşı var, zorakılıq hadisəsi ilə bağlı bu gün sosial şəbəkədə məlumat paylaşılıb və komitə dərhal əməliyyata keçib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.