BAKI, 13 mart — Sputnik. MDB-nin müşahidəçiləri missiyasının rəhbəri Leonid Anfimov bildirib ki, şənbə günü Türkmənistanda keçirilən prezident seçkiləri zamanı heç bir şikayət və seçki qanunvericiliyinin pozulması halları aşkar edilməyib.
Bu barədə MDB İcra Komitəsi sədrinin birinci müavini, Birliyin müşahidəçiləri missiyasının rəhbəri Türkmənistanda keçirilən prezident seçkilərinin monitorinqinin nəticələrinə dair brifinq zamanı bildirib.
Anfimov qeyd edib ki, Türkmənistanda seçkilərin və referendumların keçirilməsi üzrə mərkəzi komissiyanın dəvəti ilə MDB-nin müşahidəçiləri missiyası 2022-ci il fevralın 28-dən etibarən ölkədə monitorinqin hazırlanmasını və prezident seçkilərinin keçirilməsini həyata keçirib.
“Biz öz işimizdə Türkmənistanın seçki qanunvericiliyini, Birlik çərçivəsində qəbul edilmiş sənədləri, o cümlədən siyasi neytrallıq, seçki prosesinə müdaxilə etməmək və dövlətin suverenliyinə hörmət prinsiplərini rəhbər tutaraq öz funksiyalarımızı sərbəst və müstəqil şəkildə yerinə yetirdik”, - deyə Anfimov vurğulayıb.
Onun sözlərinə görə, MDB-nin missiyası qarşısında seçki kampaniyasının milli qanunvericiliyə uyğunluğunu qiymətləndirmək, azad və demokratik seçkilərin keçirilməsinə kömək etmək vəzifəsi dayanıb. Anfimovun fikrincə, Birliyin müşahidəçiləri missiyası bu vəzifənin öhdəsindən gəliblər.
“Seçkilər mütəşəkkil, sakit və rəqabət əsasında keçirilib. Türkmənistanın seçki qanunvericiliyi demokratik seçkilər sahəsində beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğundur və seçicilərin iradəsini sərbəst və açıq ifadə etməyə imkan verir”, - deyə MDB missiyasının rəhbəri bildirib.
O, seçki kampaniyasının nəticələrinə görə Türkmənistanın Mərkəzi Seçki Komissiyasına, Baş Prokurorluğuna və Ali Məhkəməsinə seçki prosesi ilə bağlı müraciət və ərizələrin daxil olmadığını xüsusi vurğulayıb.
“Türkmənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkiqabağı təşviqatla bağlı heç bir qanun pozuntusu qeydə alınmayıb. Missiya qərargahına da seçki qanunvericiliyinin pozulması ilə bağlı heç bir şikayət və ərizə daxil olmayıb”, - deyə Anfimov qeyd edib.
Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-də keçirilib.
Türkmənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkilərdə seçici fəallığı 97,12% olub.
Fevralın 11-də Prezident Qurbanqulu Berdiməhəmmədov növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verib.
Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında hazırkı prezidentin oğlu Sərdar Berdıməhəmmədov da var.
Ölkə qanunlarına görə seçicilərin iştirakı üzrə minial tələb yoxdur, bu isə o deməkdir ki, seçkilər hər bir halda baş tutmuş hesab olunur.
Sərdar Berdıməhəmmədov bəyanat verib ki, qalib gələcəyi təqdirdə ölkəsi neytral statusunu qoruyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.