BAKI, 11 mart — Sputnik. Rusiya Dövlət Duması ilin sonuna kimi maliyyə bazarının və korporativ münasibətlərin xüsusi tənzimlənməsini müəyyən edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Rusiya hökuməti tərəfindən təqdim edilən sənəd ölkənin milli maraqlarını xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, xarici səhmdarlar tərəfindən Rusiya şirkətlərinin fəaliyyətinin sabitliyinin pozulmasının qarşısını almaq üçün qanun layihəsi onların səhmdar cəmiyyətinin kapitalında iştirak həddini artırır ki, bu da şirkətin əməliyyatlarına, hərəkətlərinə məhkəmə yolu ilə etiraz etmək hüququ verir.
Onu da qeyd edək ki, sənədə əsasən, Rusiya Mərkəzi Bankı maliyyə institutlarının açıqlaya bilməyəcəyi məlumatların siyahısını müəyyən etmək hüququna sahib olacaq.
Qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur. Hüquqi şəxslərə artıq bağlanmış müqavilələr üzrə ödənişlər etmək də qadağandır. Bu cür əməliyyatları həyata keçirmək üçün Rusiya Mərkəzi Bankı müstəsna hallarda xüsusi icazə verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.