BAKI, 11 mart — Sputnik. Bu gün Avroviziya təmsilçimiz Çingiz Mustafayevin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu gün doğum günü olan sosial media hesabında video paylaşan sənətçi bildirib ki, son bir ili sınaqlarla keçib:
"Bir neçə vaxtdır izləyicilərimizi tək qoymuşam. Bu da həyatımdakı dəyişikliklə bağlıdır. Ötən il də belə hesabat videosu paylaşmışdım. Bu gün 31 yaşım tamam olur. Bu bir il məni çox dəyişdi".
Müğənni bildirir ki, artıq iki aydır Balidə yaşayır:
"Bir ildə yaşadığım hadisələr məni bu sehrli adaya gətirib çıxardı. İnsan istəyir ki, dayanmadan içindəki gözəl emosiyaları bölüşsün. Bura çox maraqlıdır, gözəldir, hüzurludur. Təbiəti çox sevirəm. Burada insan tez böyüyə, özünə yaxın ola, yaradıcılıqda dərinə enə bilir, sevgiyə yaxınlaşa bilir. Burada özümü yaxşı hiss edirəm. Yaxın bir neçə müddətdə burada qalmağı planlaşdırıram, konsertlərim olacaq. İyunda Bakıya gələcəyəm. Burada insan daha çox anı yaşamağı, fərqində olmağı seçir. İnsan görmək istəyir, görməyə başlayanda hər şey daha da gözəlləşir və cənnətə çevirilir".
Qeyd edək ki, Çingiz Mustafayev "Yeni ulduz" yarışmasının qalibi olub. O, daha sonra Ukraynada "Qolos" yarışmasında da iştirak edib. 2019-cu ildə Azərbaycanı Avroviziyada təmsil edib və 8-ci yeri tutub.
Bundan başqa o, "Səs uşaqlar" yarışmasında münsif kürsüsündə əyləşib. 2013 - cü ildə Yurmalada keçirilən " Yeni Dalğa 2013 " musiqi müsabiqəsində Azərbaycanı təmsil edib. O, ifaçılıqla yanaşı, həm də bir çox mahnıların bəstəkarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.