CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya artımları üçün ayrılan əlavə vəsait nə qədər olub?

Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım ayrılıb.
Sputnik
BAKI, 10 mart — Sputnik. Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb.
Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq.
Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.
Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 mlrd. manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə edir.
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.
Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Yüz min pensiyaçıya şad xəbər - Maddi yardım veriləcək