İQTİSADİYYAT

Rekord neft qiymətləri və rublun düşməsi - çərşənbə günü sövdələşmələr nə ilə açıldı

Çərşənbə günü qızılın qiyməti təxminən 1% bahalaşıb. Belə ki, səhər saatlarında Nyu-York Comex birjasında qızılın aprel füçerslərinin qiyməti 0,99% artaraq 1 troy unsiyası üçün 2063,55 dollara qədər yüksəlib.
Sputnik
BAKI, 9 mart — Sputnik. BAKI, 9 mart - Sputnik. ABŞ-ın Rusiyadan karbohidrogen idxalına qadağa qoymasından sonra, çərşənbə günü, martın 9-da səhər sövdələşmələrində neft qiymətləri yenidən rekord qırır.
Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may füçerslərinin qiyməti Bakı vaxtı ilə saat 9:20-də 2,26% və ya 2,89 dollar artaraq 1 barel üçün 130,87 dollar təşkil edib. Qeyd edək ki, çərşənbə axşamı sövdələşmələrin yekunlarına əsasən, bu sövdələşmələr bir barel üçün 127,98 dollara yüksəlib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayı üçün WTI markalı neftin füçerslərinin dəyəri indiyə kimi 1,91% və ya 2,36 dollar artaraq 1 barel üçün 126,06 dollar təşkil edib. Bir gün əvvəl bu sövdələşmələrin dəyəri bir barel üçün 123,7 dollara yüksəlib.
Qızılın qiyməti qalxmağa davam edir
Çərşənbə günü səhər sövdələşmələrində qızılın qiyməti davam edən geosiyasi gərginlik fonunda təxminən 1% artıb. Bakı vaxtı ilə saat 09:32-yə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında aprel qızıl füçerslərinin qiyməti 0,99% və ya 20,25 dollar artaraq 1 troy unsiyası üçün 2063,55 dollara qədər yüksəlib.
Gümüşün may füçersləri 1,28% artaraq bir unsiya üçün 27,24 dollar olub.
Qeyd edək ki, qızıl artıq ardıcıl beş ticarət sessiyasında bahalaşır və bu müddət ərzində qiyməti 7%-dən çox artıb.
Rublla nə baş verir?
Çərşənbə günü səhər beynəlxalq valyuta sövdələşmələrində rubl ucuzlaşmağa davam edib. Rusiya valyutasının dollara qarşı rəsmi məzənnəsi 130, avroya nisbətdə isə 142,3 rubl təşkil edib.
Çərşənbə günü rubl Azərbaycan manatı qarşısında da dəyər itirib. Martın 9-da səhər məzənnə 1 rubl - 0,0131 manat olub.
Eyni zamanda, Moskva Birjasının çərşənbə günü fəaliyyətini bərpa edəcəyi gözlənilsə də, Rusiya Mərkəzi Bankı ötən gecə martın 9-da sövdələşmələri bərpa etməmək qərarına gəlib.
Rusiya Mərkəzi Bankının verdiyi məlumata əsasən, bank 9 mart 2022-ci il tarixində bəzi rubl əməliyyatları istisna olmaqla Moskva Birjasının fond bazarı seksiyasında əməliyyatlar həyata keçirməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Rubl manat qarşısında ucuzlaşır