BAKI, 9 mart — Sputnik. Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına rəsmi müraciət göndərilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.
Qeyd olunub ki, ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.
Hesabatda qeyd olunub ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdan müdafiəsi təmin edilir. Aparılan vaksinasiya tədbirlərinin nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Belə ki, poliomielit, difteriya, göyöskürək, epidemik parotit, qızılça və məxmərək xəstəlikləri ölkədə qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda baş verib. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktik tədbirlər nəticəsində artıq 8 ildir ki, malyariyanın yerli yoluxması baş vermir.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunub. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.