RUSİYA

Antalyada Lavrov və Kulebanın kritik görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib və orada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.
Sputnik
BAKI, 9 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Forum çərçivəsində Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək. Bu, fevralın 24-də münaqişə başladıqdan sonra Ukrayna ilə Rusiya arasında ən yüksək səviyyəli görüş olacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba da Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparmaq üçün Antalyaya gəlib.
Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.
Bundan əvvəl Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Tərəflər Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər. Onlar danışıqların davam etdiriləcəyini bəyan ediblər.
***
Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Nazarbayevin mətbuat katibi bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə baş tutub.
“Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə elbaşı forumda iştirak etmək üçün Antalyaya gedib. Antalya forumu qlobal və regional məsələlərdə fikir mübadiləsi üçün diskussiya meydanıdır”, - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, Antalya diplomatik forumu 11-13 mart tarixlərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.