BAKI, 8 mart - Sputnik. İran İslam Respublikasında koronavirusa qarşı ölkənin öz istehsalı olan daha bir peyvəndin təcili hallarda istifadəsinə icazə verilib. Bu barədə Sputnik Azərbaycan İRNA agentliyinə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İranın Səhiyyə nazirinin müavini, Qida və Dərman Administrasiyasının rəhbəri Bəhram Darai bildirib.
"Qida və Dərman İdarəsi "Nura" peyvəndinin Covid-19 üçün gücləndirici doza kimi istifadəsinə icazə verdi", - deyə o bildirib.
Beləliklə, “Nura” təcili istifadəyə icazəsi olan və bu ölkənin öz istehsalı olan altıncı peyvəndi oldu.
Qeyd olunur ki, "Nura" peyvəndi Bəgiatullah Xəstəxanası Araşdırma Mərkəzi və İmam Hüseyn Universitetinin alimləri tərəfindən hazırlanıb.
Koronavirus şəklində şirniyyat
© AP Photo / Jens Meyer
Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.
AMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib.
O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.