SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Bakı və Ankaranın yeni hədəfini açıqladı

Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Azərbaycana Ukrayna ərazisindən vətəndaşlarının təxliyyəsi məsələsində yardım edir.
Sputnik
BAKI, 5 mart — Sputnik. Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, Türkiyə Azərbaycanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində fəaliyyətini koordinasiya etməyə davam edir:
"Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi vacibdir. Bakı və Ankara ticari dövriyyəni 15 milyard ABŞ dollarına çatdırmağı hədəf alıblar və azad ticarət sazişi müzakirə olunur".
Türkiyə Ukraynadakı hadisələri narahatlıqla izləyir
Mövlud Çavuşoğlu ölkəsinin Ukraynada baş verənlərə münasibət bildirərəkən deyib:
"Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk".
Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkələrdəndir. Bu münasibətlərdən istifadə edərək münaqişənin dayandırılması üçün səyləri davam etdirirlər.
Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Azərbaycana Ukrayna ərazisindən vətəndaşlarının təxliyyəsi məsələsində yardım edir:
"Türkiyə Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün Rusiya ərazisindən keçməklə dəhliz yaradılması imkanları ilə bağlı danışıqlar aparır".
Brifinqdə həmçinin qeyd olunub ki, Bakı və Ankara arasında hər zaman hər iki ölkənin liderləri sayəsində sıx strateji tərəfdaşlıq mövcuddur.
️Türkiyə, Rusiya-Türkiyə birgə monitorinq mərkəzində üçtərəfli razılaşmaların həyata keçirilməsində və Qarabağda yenidənqurma işlərində iştirak edir.
Brifinqdə həmçinin vurğulanıb ki, tərəflər Şuşa Bəyannaməsinin icrası, Füzuli Hava Limanının açılışını, Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən zirvə toplantısını müzakirə ediblər.
️Türkiyə tərəfi, Qarabağ ərazisində faydalı qazıntıların və kənd təsərrüfatı layihələrinin tətbiqində iştirak edir. Türkiyə şirkətləri Araz düzənliyi və Ağdam ərazisindəki sənaye zonalarına sərmayə yatırımını planlaşdırırlar.
️Tərəflər Ukrayna məsələsini müzakirə edərək, aparılan danışıqların səmərəli olacağına ümid etdiklərini bildiriblər.
Azərbaycan və Türkiyə arasında üçtərəfli və dördtərəfli formatda görüşlərin keçirilməsi üçün yol xəritəsinin hazırlandığı da brifinq iştirakçılarının diqqətinə çatdırılıb.
"Şuşa bəyannaməsi" hər iki dövlətə yaraşdı
"Biz onsuz da təbii müttəfiqik, Şuşa Bəyannaməsi bir millət, iki dövlətə həqiqətən də yaraşan kimi oldu. Prezidentlərimiz bunu öz imzaları ilə sadəcə rəsmiləşdirdilər".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.
Bəyannamədəki məsələlərin həyata keçirilməsi istiqamətində azərbaycanlı qardaşları ilə səylə çalışdıqlarını diqqətə çatdıran Mövlud Çavuşoğlu deyib:
“Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələlərin bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq”.
Türkiyəli nazir qeyd edib ki, bölgəmizdə mühüm proseslər yaşanır, bundan başqa, Azərbaycanın Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyi önəmli layihələr var. “Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
️Qeyd edək ki, Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Brüsseldə NATO-nun Ukrayna ilə bağlı toplantısına qatılıb. O, toplantıdan dərhal sonra, axşam saatlarında Azərbaycana səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev NATO toplantısından sonra dərhal Bakıya gələn Mövlud Çavuşoğlunu qəbul etdi