BAKI, 4 mart — Sputnik. Rusiya Ukraynanın nasistlərdən təmizlənməsi vəzifəsindən imtina etməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
Prezidentin mətbuat katibi bildirib ki, Qərbin Rusiyaya və onun vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyaların uğur şansı yoxdur:
"Onların məqsədi mövqeyimizi dəyişdirmmək və planımızdan imtina etdirməkdir. Təəssüf ki, belə bir qərar qəbul edilib. Fərdi sanksiyalar ayrı-ayrı şəxslərin Rusiya prezidentinə dəstəkdən imtinasına hesablanıbsa, onlar uğurlu olmayacaq. Qalan şeylər vacib deyil".
Peskov deyib ki, indiki halda Rusiya və Ukrayna arasında danışıqlar sükutla müşaiyət olunmalı və açıqlanmamalıdır:
"Ukraynada əməliyyata qarşı çıxan Rusiya mədəniyyət xadimlərini düşmən kimi qəbul etmək lazım deyil. Prezident Vladimir Putin mədəniyyət xadimləri ilə görüşərək onlara Ukrayna ilə bağlı mövqeyini izah edəcək, lakin indi dövlət başçısının iqtisadi məsələlərlə məşğul olması vacibdir. İndi belə aqressiv şəraitdə iqtisadiyyat çox vacibdir. Mən deməyəcəyəm ki, mədəniyyətdən daha vacibdir - hər şey vacibdir. Amma iqtisadiyyat hamımızı maraqlandıran, vətəndaşlarımızın rifahı ilə bağlı olan bir şeydir. Zərbələr iqtisadiyyatımıza yönəlib, minimuma endirilməlidir. Bu, həm hökumətin, həm də prezidentin diqqət mərkəzindədirlər".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.