BAKI, 4 mart - Sputnik. Vladimir Putin telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukraynada həyata keçiriləcək xüsusi əməliyyatın məqsəd və vəzifələrini ətraflı izah edib. Bu barədə RİA Novosti Kremlə istinadən xəbər yayıb.
Rusiya lideri vurğulayıb ki, əsas təhlükə Ukraynanın neonasist birləşmələrindən gəlir.
Onun sözlərinə görə, onlar yaşayış məntəqələrinə zərbə silahları yerləşdirərək terror üsullarından istifadə edirlər.
Bundan əlavə prezident bildirib ki, Ukraynada 6000-dən çox əcnəbi vətəndaş girov götürülüb - bunlar əsasən də radikallar tərəfindən canlı qalxan kimi istifadə edilən tələbələrdir.
O, əlavə edib ki, insanların Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarətində olan əraziləri tərk etmək cəhdləri radikallar tərəfindən silahların köməyi ilə yatırılır.
Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, rəsmi Kiyev bu vəhşiliyi dayandırmaq vədini yerinə yetirmir.
Öz növbəsində Qərb Ukrayna və radikallar tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına məhəl qoymağa üstünlük verir.
Putin onu da xatırladıb ki, səkkiz il ərzində Qərb Kiyev rejiminin Donbas sakinlərinə qarşı törətdiyi soyqırıma göz yumub. O vurğulayıb ki, Rusiya hərbçiləri mülki şəxslərin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görür.
Tərəflər danışıqların üçüncü raundu zamanı Kiyevin ağlabatan və konstruktiv mövqe tutacağına ümid etdiklərini bildiriblər.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.