CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qida təhlükəsizliyi sahəsində tələblər müəyyənləşir

Bu məsələ "Qida təhlükəsizliyi haqqında" yeni hazırlanan qanun layihəsində öz əksini tapıb. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında
Sputnik
BAKI, 4 mart — Sputnik. Azərbaycanda Qida təhlükəsizliyi sahəsində tələblər müəyyənləşir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Qida təhlükəsizliyi haqqında" yeni hazırlanan qanun layihəsində öz əksini tapıb.
Həmin layihədə 10-cu maddə "Qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər" adlanır.
Həmin maddəyə görə, təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.
Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
Qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;
Qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;
Qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.
Yeni qanun layihəsinə görə, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestri aparılacaq.
Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab ediləcək:
heyvan sağlamlığına zərərli olduqda;
heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə.
Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.
Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsi Azərbaycanda ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida maddələri, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış) və saqqız.
Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, qida təhlükəsizliyi problemi bu gün dünyada öz aktuallığını saxlayır və bəşəriyyət üçün bir problem olaraq qalır. Prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci ildə imzalanmış Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən bu sahədə müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzalanıb. Görülən tədbirlərin davamı olaraq bu sahəni tənzimləyən qanun layihəsi hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
AQTA Bakıda süd məhsulları istehsalı müəssisəsini bağlayıb