BAKI, 3 mart — Sputnik. Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" QSC Azərbaycan iqtisadiyyatına töhfələr vermək üçün istehsalatda innovasiya və müasir texnologiyaların tətbiqini davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, yenilənən "Baku Steel Company" (BSC) bu dəfə regionda bənzəri olmayan layihə həyata keçirib.
Burada quraşdırılan 10,25 m radiuslu yeni nəsil fasiləsiz pəstahtökmə maşınında (FPTM) qısa müddətə, az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etmək mümkündür.
Yeni istehsal xəttində artıq poladın markasından asılı olaraq standart ölçülü və ya sifarişə uyğun - 6, 9, 12 m uzunluğunda, 125-125 mm və 150-150 mm enində kvadrat pəstahlar, həmçinin 130 mm-dən 250 mm-dək diametrli dairəvi pəstahlar tökmək olur.
“Baku Steel Company”
© Photo : Baku Steel Company
Prosesin davamı olaraq vakuumator qurğusu quraşdırılandan sonra poladın tərkibi qeyri-metallik birləşmələrdən təmizlənərək burada tikinti ilə yanaşı maşınqayırma, hərbi-müdafiə sənayesi, aviasiya və s. sahələr üçün daha keyfiyyətli polad istehsal etmək mümkün olacaq.
Zavodda böyük sıxlığa malik dairəvi pəstahların tökülməsi xüsusən neftçıxarma sənayesində istifadə edilən, yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına da imkan yaradacaq.
Ümumiyyətlə, yeni FPTM-in istifadəyə verilməsi həm istehsalın həcminə, həm yenilənən şirkətin gəlirlərinə, həm də işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir edəcək.
Yeni maşında poladın dispersliyini artırmaq, daha kiçik kristal dənələrə sahib olmaq və yüksək keyfiyyət əldə etmək məqsədilə dairəvi pəstahlar üçün nəzərdə tutulmuş kristallaşdırıcılarda elektromaqnit qarışdırıcılar quraşdırılıb. Bu, maye metalın mis qəliblərə tökülməsi zamanı poladın daha dispers struktur almasına imkanı yaradır və yüksək keyfiyyəti təmin edir.
Əlavə edək ki, bu günədək 130 mm-lik dairəvi pəstahdan Sumqayıtdakı 3-cü istehsal sahəmizdə yalnız 114 mm diametrli tikişsiz boru istehsal edilirdisə, yeni FPTM artıq 219 mm-dək diametrli boruların bütün çeşidlərinin istehsalına imkan verəcək ki, bu da istehsal həcminin 3 dəfəyə yaxın artması deməkdir.
Bununla şirkətin ümumi ixrac potensialı da artacaq. Belə ki, hazırda BSC aylıq 2 min ton boru ixrac edirsə, yeni FPTM-in gücündən istifadə olunmaqla bu həcmi orta hesabla 7-9 min tona çatdırmaq olacaq.
Qeyd edək ki, BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
"Baku Steel Company" yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada, həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür.
Xatırladaq ki, BSC-nin məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, İspaniya, İtaliya və s. ölkələrə ixrac olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.