PAYTAXT XƏBƏRLƏRİ

Bakının ən gözəl binalarından biri ömrünü tapşırır: Əlyazmalar İnstitutu qəzalı vəziyyətdə

İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib edib
Sputnik
BAKI, 3 mart — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası qəzalı vəziyyətə düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini vurğulayan akademikin sözlərinə görə, binanın əsaslı təmir olunmasına ehtiyac var.
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasının təmir-bərpa edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət olunub.
"Müraciətə baxılıb və aidiyyəti üzrə cavablandırılıb. Qeyd etmək istəyirik ki, mülkiyyətində və ya istifadəsində tarix-mədəniyyət abidələri olan hüquqi və fiziki şəxslər həmin abidələrdə aparılması nəzərdə tutulan təmir-bərpa işlərinin layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra, öz vəsaitləri hesabına və mütəxəssislərin nəzarəti altında həyata keçirilir", – o qeyd edib.
Xatırladaq ki, Əlyazmalar İnstitutunun binasının tikintisinə 1898-ci ildə başlanıb və 1901-ci ildə başa çatıb. Bura Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbinin binası olub. (Apa)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.