BAKI, 2 mart - Sputnik. Ukrayna Xarici İşlər Nazirliyi (XİN) xarici tələbələr üçün “qaynar xətt” yaradıb. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, ölkədəki vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən əcnəbi tələbələr üçün “qaynar xətt” nömrəsi açılıb.
Yardıma ehtiyacı olanlar +380 93418 56 84 nömrəsinə zəng edə, "Viber" və ya "Telegram"dan yaza bilərlər.
Mətbuat xidmətindən bildirilib ki, xarici tələbələr üçün həmçinin elektron sorğu forması hazırlanıb. Sorğu forması xarici tələbələrin hansı regionda olması barədə məlumat toplamaq, onlara müvafiq məsləhətlərin verilməsi üçün yaradılıb:
“Ukrayna hökuməti xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları ilə daimi əlaqə saxlayır, vətəndaşların təhlükəsiz şəraitdə yaşaması və mümkün qədər tez öz ölkələrinə qayıtmasını təmin edir”.
Nazirlik bildirib ki, qərb sərhədindəki bütün buraxılış məntəqələri 24 saat açıqdır, yoxlama və qeydiyyat əməliyyatları mümkün qədər sadələşdirilib, zəruri sənədlərin siyahısı minimuma endirilib.
“Beynəlxalq humanitar hüquqa uyğun olaraq qadınlara və uşaqlara üstünlük verilir. Sərhəddəki bütün insanlardan qanuna və asayişə riayət etməsi və çətin vəziyyətə görə məsuliyyətlə hərəkət etmələri xahiş olunur. Bu, Ukrayna Dövlət Sərhəd Xidmətinə sərhədi keçmə prosesini sürətləndirməyə imkan verəcək”, - qeyd olunub.
Bundan başqa, Ukrayna XİN xarici auditoriya üçün ölkədəki müharibə ilə bağlı elektron məlumat platforması (war.ukraine.ua) yaradıb. Saytın əsas məqsədi Ukraynadakı vəziyyət haqqında təsdiqlənmiş məlumat vermək, Ukraynaya dəstək olmaq üçün konkret vasitələr barədə məlumat yaymaq və müqavimətin insani ölçüsünü göstərməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.