AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi

Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sputnik
BAKI, 1 mart - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlər "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" imzalamışdı.
Həmçinin 2021-ci ildə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Hökumətlərarası sənədi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.