BAKI, 28 fevral — Sputnik. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi üzrə Azərbaycan Hökumətlərarası Komissiya (TRACECA) Ukraynaya yükdaşımalarını dayandırmayıb. Bunu Sputnik Azərbaycan-a TRACECA-nın Azərbaycan üzrə Hökumətlərarası Komissiyasının milli katibi Rüfət Bayramov bildirib. Onun sözlərinə görə, Ukraynada limanların iş rejimi məhduddur - hazırda ölkənin limanları malların qəbulu və göndərilməsi üçün fəaliyyət göstərmir.
"Ukrayna limanlarının imkanları ilə bağlı müəyyən məhdudiyyətlər var. Ona görə də indi onlar Ukraynadan çıxış gözləyən avtomobil nəqliyyatından qurtulmağa çalışırlar", - deyə Bayramov bildirib.
O qeyd edib ki, hazırda ölkədə qalan avtomobillərin çıxarılması istiqamətində işlər aparılır.
Xatırladaq ki, TRACECA region ölkələrinin nəqliyyat sisteminin multimodal kompleksindən ibarətdir. Bu dəhlizin yaradılması haqqında saziş 1998-ci ilin sentyabrında Bakıda imzalanıb. Marşrut Şərqi Avropa ölkələrindən (Bolqarıstan, Moldova, Rumıniya, Ukrayna) başlayır və Türkiyə ərazisindən keçir.
Daha sonra marşrut Qara dəniz vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına doğru uzanaraq Cənubi Qafqaz ölkələrinin, eləcə də İranın nəqliyyat şəbəkəsindən, Türkiyənin regionla quru əlaqəsindən istifadə edir.
Azərbaycandan isə bərələr vasitəsilə marşrut Özbəkistan, Qırğızıstan, Tacikistana çıxışı olan Mərkəzi Asiyanın (Türkmənistan və Qazaxıstan) dəmir yolu şəbəkələrinə daxil olaraq Çin və Əfqanıstanla sərhədə çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.