BAKI, 28 fevral — Sputnik. Ombudsman ödənişli parklama yerləri üçün "Vahid parklama kartı" sisteminin tətbiq edilməsini təklif edir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.
Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.
Qeyd edək ki, bir müddət öncə Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın "parkovşik" cərimələnib. Onu da qeyd edək ki, şəhərdə parklama yerlərinin məhdud olması, bir çox hallarda gərəksiz yerə dayanma-durma nişanlarının qoyulması sürücülərdə narazılıq yaradır. Onlar qeyd edirlər ki, şəhərdə avtomobillərin parklanması üçün müvafiq yerlər yaratmadan hamınını kütləvi şəkildə cərimə edilməsi, sürücü hüquqlarının pozulmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.