BAKI, 27 fevral — Sputnik. Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, respublika üzrə referendumda fevralın 22-dən 26-na kimi erkən səsvermə mümkün idi. Bu hüquqdan səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 42,93 faizi istifadə edib.
Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib. Bülletendə bir sual var: "Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?". Səsvermə iştirakçılarından iki xanadan birində işarə qoymaları xahiş olunur - "lehinə" və ya "əleyhinə". MSK-da bildirilib ki, hər iki xanada işarələr qoyularsa və ya onlar ümumiyyətlə olmasa, bülleten etibarsız sayılacaq.
Qanuna uyğun olaraq, referendumda səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş sayılır.
Referendum Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.