BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfat etməsi ilə bağlı başsağlığı verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində edilən paylaşımda deyilir:
"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".
Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
© Official website of President of Azerbaijan Republic
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb. Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib. Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.