BAKI, 25 fevral - Sputnik. Tovuzun Aşağı Quşçu kəndində elektrik transformatorun çıxardığı səs neçə ildir ki sakinlərin narahatlığına səbəb olur. Qorxulu səsi ilə yanaşı transformatorun ətrafında qoruyucu hasarın da olmaması onu təhlükə mənbəyinə çevirir.
Kənd sakinləri artıq 5 ildir trasformatorun dözülməz səs çıxararaq işlədiyini, son günlər isə daha da artdığını bildiriblər. Kənd sakini Tapdıq Musayev transformatorun qəzalı vəziyyətdə olduğundan insanların həyatı üçün də təhlükə yaratdığını deyib:
“Bu transformatora necə təhlükə saçdığını anlamaq üçün kənardan baxmaq kifayət edir. Adi əşya kimi torpağın üzərinə qoyulub. Ətrafında heç bir təhlükəsizlik tədbiri alınmıyıb. Problem odur ki transformatorun çıxış sarğılarının arasında boşluq var. Bunnan başqa yağı da yoxdu. Yağsız işləyir. Arada gəlirlər bir fazanın yükünü digərinə ötürürlər səs 1-2 gün azalır yenə başlayır. Öz aləmlərində çıxış yolu tapdılar. Amma heç bir xeyri dəymir”-deyə məlumat verib".
Tovuzun Aşağı Quşçu kəndində elektrik transformatoru
© Sputnik / Ilham Mustafayev
Digər sakin Bayram Məmmədov 26 il əvvəl elə köhnə halda quraşdırılan transformatorun 5 ildir ətrafda yaşayan insanların əsəblərini tarıma çəkdiyini deyib. O, axşam saatlarında yüklənmə çox olanda səsin daha da artığını söyləyib.
“Səsdən əsəblərimiz tarıma çəkilib. Bu səs bizi həmişə gərginlikdə saxlayır. Yüzə yaxın sakininin evini elektrik enerjisi ilə təmin edən bu transformatorda dəfələrlə qəzalar baş verib, yanğınlar olub. Lakin hər dəfə üzərində cari təmir işləri görülüb. İndi isə iş təmirdən keçib, potensial ölüm təhlükəsi olan bu cihaz yenilənməlidir”.
Sakinlər məsələdən aidiyyatı qurumların və səlahiyyətli şəxslərin də xəbərdar olduğunu deyirlər. Evi transformatorun bir neçə metrliyində olan Zemfira Məmmədova deyir ki, transformatorun səsi bir yana, yaşadığı evi üçün təhlükə yaradır:
Tovuzun Aşağı Quşçu kəndində elektrik transformatoru
© Sputnik / Ilham Mustafayev
“Mən evdə su krantını aça bilmirəm, qazı yandıra bilmirəm. Dəmirə əlini vurursan tok buraxır. Sirkələyir adamı. Bütün əsəblərimiz pozulub. Hamımız xəstəliyə düşmüşük. Mənim evimin 3 metrindədi bu transformator. Evim yansa kim ona cavab verəcək. Onun səsindən küyündən, tok keçirməyindən nevroz olmuşuq. Ailəm təhlükədədi, özüm təhlükədəyəm”- deyə vəziyyəti izah edib.
Məsələ ilə bağlı azərişıq ASC Tovuz elektrik şəbəkəsindən bildirildi ki, kənddəki sözügedən transformatorun yenisi ilə əvəz edilməsi üçün artıq yeni transformator sifariş edilib. Bu həftə küçəyə yeni transformator quraşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.