BAKI, 25 fevral - Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xarkovda kurs keçən 17 fövqəladə hallar əməkdaşı ilə bağlı yeni bir məlumata malik deyil.
FHN-dən Sputnik Azərbaycan-a bildiriblər ki, Ukraynada olan vətəndaşlarımızla oradakı diplomatik korpusumuzun vasitəsilə əlaqə yaradılır və zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, dünən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Xarkovda kurs keçən 17 fövqəladə hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi həyata keçirəcəklərini bildirib.
E.Axundova qeyd edib ki, hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır: ”Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək. Qalan diplomatların ailələrinin, hansı ki, onlar təqribən 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq".
Diplomat həmçinin deyib ki, pasportunun vaxtı keçmiş və ya pasportla bağlı digər problemi olanlar da müraciət edə bilərlər: “Səfirliyin 00380735050000 nömrəli qaynar xətti işləkdir. Ukraynadakı Azərbaycan vətəndaşları istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edə bilərlər”.
O, eyni zamanda vətəndaşları Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə də tanış olmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: