BAKI, 24 fevral — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 102.4 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 14.2 milyon manatdan çox müddətli əlavə ödəyib.
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən il ərzində iş vaxtına/saatına mütənasib olaraq 50 936.79 manat məbləğində müddətli əlavə ödənilib.
Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə 59 750.00 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən noyabr və dekabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 22 fevral 2022-ci il tarixli 50 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il martın 1-dək uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.