BAKI, 24 fevral - Sputnik. ATƏT missiyanın bütün üzvlərini mümkün qədər tez Ukraynadan müvəqqəti olaraq təxliyə etmək qərarına gəlib. RİA Novosti xəbər verir ki, bu barədə ATƏT-in baş katibi Helqa Şmid bildirib.
“Ukraynada davam edən hərbi əməliyyatlar və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, fəaliyyətdə olan sədrlə razılığa əsasən, beynəlxalq missiyanın bütün üzvlərini mümkün qədər tez bir zamanda Ukraynadan müvəqqəti olaraq təxliyə etmək qərarına gəldim”, - Şmid bəyanatında bildirib.
Xatırladaq ki, bu gün Vyanada Rusiya Federasiyasının Ukraynada demilitarizasiya üzrə xüsusi əməliyyatı ilə əlaqədar nazirlər səviyyəsində daimi şuranın xüsusi iclası başlayıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Polşanın ATƏT-ə sədrliyi üçün geniş tərkibdə keçirilən görüş Bakı vaxtı ilə saat 19.00-da başlayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin