CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni mayalanma xərclərini sığorta qarşılayacaq?

Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün Reproduktiv Sağlamlıq Haqqında qanun qəbul olunmalıdır.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Gələcəkdə süni mayalanmanın müvafiq şərtlər əsasında icbari tibbi sığortanın təminatına daxil edilməsi planlaşdırılır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, süni mayalanma gələcəkdə icbari tibbi sığortanın Xidmətlər Zərfinə salına bilər.
Bu günlərdə Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da məsələyə toxunub. O bildirib ki, sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil ediləcək. Deputat deyib ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq: "Həmin mayalanma prosesi bir dəfə dövlət hesabına qarşılanacaq. Bu artıq Xidmətlər Zərfinə daxil ediləcək. Bununla bağlı razılıq əldə edilib".
Qeyd edək ki, ekstrakorporal mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması müəyyən suallara yol açıb. Sosial platformada süni mayalanmanın hansı mərhələsinin icbari tibbi sığorta hesabına həyata keçiriləcəyi müzakirələrə səbəb olub.
Süni mayalanmanın hansı mərhələsini sığorta qarşılayacaq?
Nəsibə İsmayılova adlı qadın Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni mayalanmanın müvafiq şərtlər əsasında icbari tibbi sığortanın təminatına daxil edilməsi xəbəri onu sevindirib. Həmsöhbətimiz deyir ki, illərdir övlad həsrəti çəksə də, süni mayalanma çox xərc tələb etdiyindən həkimə müraciət edə bilmir. Qax rayon sakini deyir ki, yaşı artdıqca ana olmaq şansı da azalır:
"1996-cı ildən ailə həyatı qurmuşam. Amma övladım olmur. Süni mayalanma isə bahadır. Mənim kimi nə qədər qadın var ki, övlad həsrəti çəkir. Maddi imkanı olmadığından süni mayalanma etdirə bilmir. Əlbəttə ki, icbari tibbi sığorta hesabına olsa, yaxşı olar. Amma bir şərtlə ki, süni mayalanmanın bütün mərhələlərini sığorta qarşılasın. Embrion transferinə qədər qadın bir çox prosedurlara cəlb olunur. Yumurtaların böyüdülməsi, toplanması, döllənmə işləri xeyli xərc tələb edir. Ən son embrion bətnə yerləşdirilir. Əgər son proseduru icbari tibbi sığorta qarsalayacaqsa, bunun artıq sonsuzluqdan əziyyət çəkən qadınlara bir xeyri olmayacaq. Çünki sadaladığım prosedurlar, müalicə, dərmanlar çox bahadır. Yaxşı olar ki, süni mayalanmanın bütün mərhələləri sığorta tərəfindən qarşılansın".
Körpə, arxiv şəkli
Qiymət 3700-5000 min manat arasındadır
Əlaqə saxladığımız süni mayalanma mərkəzlərindən də bildirdilər ki, ekstrakorporal mayalanmanın qiyməti 3700 manatdan başlayaraq 5 min manatadək dəyişir. Burada qadının və kişinin sağlamlığı, yaş faktoru və sair məsələlər rol oynayır. Süni mayalanma üçün çəkilən xərc heç bir halda geri qaytarılmır. Əgər tibbi prosedura həyata keçirildikdən sonra qadın hamilə qalmırsa, buna görə süni mayalanmanı edən həkim heç bir məsuliyyət daşımır.
Süni mayalanmanın sığorta hesabına həyata keçirilməsi qalmaqallı qanunun qəbulundan sonra mümkündür.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün Reproduktiv Sağlamlıq Haqqında qanun qəbul olunmalıdır. Sözügedən qanun isə hələ ki, müzakirə mərhələsindədir. Deputat bildirib ki, qanun layihəsi bir neçə dəfə müzakirə olunaraq dəyişikliklər təklif olunub. Onun sözlərinə görə, qanunun qəbulu hələ ki, baş tutmadığından, süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması da hələ qarşıda olan məsələdir.
Deputat Müşfiq Məmmədli
Yalnız bir dəfə sığorta hesabına?
M.Məmmədli deyir ki, dünya praktikasında bu məsələ fərqlidir:
"Bu həm də əhalinin artım səviyyəsinə bağlıdır. Əhali sayı çox olan ölkələrdə süni mayalanma icbari tibbi sığortaya daxil edilməyib. Buna bəzi Şərq, Şərqi Asiya ölkələrini misal çəkmək olar. Əhali artımı az olan Avropa ölkələrində isə süni mayalanma tamamilə icbari tibbi sığorta təminatına həyata keçirilir. Skandinaviya ölkələrində süni mayalanmanın bütün mərhələləri Xidmətlər Zərfinə daxildir. Qardaş Türkiyədə isə bu prosedurun bir dəfə icrası sığorta hesabına həyata keçirilir. Bu gün Azərbaycanda süni mayalanma vətəndaşın öz vəsaiti hesabına aparılır. Amma təklif var ki, gələcəkdə süni mayalanma bir dəfə bütün mərhələlər daxil olmaqla sığorta hesabına aparılsın. Amma bu hələ ki, müzakirələr ərəfəsindədir. Azərbaycanda "Reproduktiv Sağlamlıq Haqqında" qanun hələ ki, qəbul olunmadığından bizim danışdıqlarımızın hər biri müzakirə və ehtimallardır".
Transfer çox pul aparmır
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, süni mayalanma bir neçə mərhələdən ibarətdir. Baş mama-ginekoloq deyir ki, yalnız yumurtanın ana bətninə yerləşdirilməsinin sığorta hesabına qarşılanmasını təmin edib, digər mərhələləri sığortadan kənar qoymaq düzgün olmaz:
"Yəqin ki, süni mayalanmanın bütün mərhələləri, yəni bütöv bir proses icbari tibbi sığortaya daxil ediləcək. Süni mayalanma yumurtaların induksiyası, alınması, mayalanması və transferindən ibarətdir. Transfer əsas pul aparmır. Əsas o yumurtaları yetişdirməkdir".
Yeni doğulmuş körpə
S.Məmmədova bildirib ki, süni mayalanma zamanı müəyyən bahalı müayinələrdən, müalicə üsullarından, dərmanlardan istifadə edilir. Bu dərmanların istehsalından, istehsalçı qiymətindən asılı olaraq Azərbaycana gətiriləndə də bunlar müxtəlif qiymətlərdə klinikalar tərəfindən alınır və xəstəyə tətbiq olunur. Bu səbəbdən də qiymətlər müxtəlifdir. Elə klinikalar var ki, türk dərmanları, elə klinikalar var ki, Avropa istehsalı dərmanları istifadə edirlər, bu da qiymətə təsir edir".
Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca əməliyyatın qiyməti də, dərmanların sayı da artır. Qiymət həm də qadının orqanizmindən və cütlüyün hüceyrələrinin sağlamlığından asılıdır.
S.Məmmədova deyir ki, ilk növbədə bu prosesdən uzun müddət sonsuzluğu olan ailələr yararlanmalıdır.
Süni mayalanma hansı mərhələlərdən ibarətdir?
Məlumat üçün bildirək ki, süni mayalanma arzusunda olan qadın ilk növbədə süni mayalanma mərkəzinə müraciət edərək həkim müayinəsindən keçməlidir. Klinikaya gələrkən xəstə o vaxta qədər etdirdiyi bütün analizləri, varsa uşaqlıq ultrasəs müayinəsi diskini, keçirilmiş əməliyyatlara, ya da əvvəlki sonsuzluq müalicələrinə aid nəticələri özü ilə gətirməlidir. Bundan əlavə cütlüklərdə ürək xəstəliyi, diabet kimi fərqli xəstəlik varsa, bunlarla əlaqəli nəticələrin və məlumatların da həkimə çatdırılması vacibdir.
Ətraflı ginekoloji müayinə və ultrasonoqrafiyanın ardından lazım görülərsə, əlavə testlər istənə bilər. Həkimin lazım bildiyi hallarda genetika uzmanı, uroloq, embrioloq, klinika psixoloqu, bəslənmə və metobalizma uzmanı görüşmələri planlanaraq xəstənin ümumi vəziyyəti uzmanların ortaq qərarı ilə dəyərləndirilir. Hədəf öncəliklə sonsuzluq səbəblərini ortaya çıxarmaq və xəstə üçün uyğun olan müalicə şəkli seçilərək və uyğun zamanda, uyğun texnika ilə müalicə tətbiq olunur. Süni mayalanmada ikinci addım kontrollu yumurta (Ovaryen) böyütmə müalicəsidir. FSH, HMG ehtiva edən hormon iynələri ilə nizamlı bir şəkildə yumurtalıqlar oyadılır və çox sayda follikulun inkişafı həyata keçirilir.
Təxminən 8-10 gün davam edən hormon iynələrinin istifadəsinin ardından follikulların ən böyüyü 18-20 mm ölçüyə çatanda çatlatma iynəsi tətbiq olunur. 3-cü addım yumurta toplama işləridir. Çatlatma iynəsindən təxminən 34-36 saat sonra yumurtalar, ümumi anesteziya altında qısa müddətli bir cərrahi işləmlə vaginal yoldan toplanır. Yumurta toplama işləmi ümumi anesteziya altında icra edilən ağrısız bir işləmdir. Laboratoriya şəraitinə alınan yumurtalar mikroinjeksiya işləmi üçün hazırlanır. 4-cü mərhələdə laboratoriyada döllənmə işləri aparılır. Döllənmə işlərindən sonra yumurtalar inkubator adı verilən və uşaqlıq mühitini ən yaxşı şəkildə təqlid etmə məqsədilə istehsal edilmiş xüsusi cihazlar içərisinə alınır və embrion inkişafı günlük olaraq təqib edilir. Ən son embrion transferi baş tutur. Bu, müalicənin ən qısa, lakin ən vacib mərhələsini təşkil edir. Bundan sonra dərman müalicəsi, hamiləlik testi tətbiq edilir.
Qeyd edək ki, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Zərfə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Məlumat üçün bildirək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Xatırladaq ki, süni mayalanma ilə bağlı müalicələr artıq 2004-cü ildən ölkəmizdə həyata keçirilir. İlk dəfə Mərkəzi Klinik Xəstəxanada həyata keçirilən əməliyyatlardan sonra müxtəlif klinikalar da süni mayalanma sahəsində müalicələr həyata keçirməyə başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Süni mayalanma, sonra da qeysəriyyə üsulu ilə 2000 manata övlad - Araşdırma