BAKI, 23 fevral — Sputnik. Göyçayda iş adamı kafedə öldürülüb. Qətl hadisəsi axşam saatlarında rayonda olan kafelərin birində baş verib. İlkin məlumatlara görə, Göyçayın Şəkər kənd sakini, 35 yaşlı Nicat Əliyev rayonda olan kafelərdən birində şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 45 yaşlı Cavanşir Şükürovu öldürüb.
Hadisəni törədən N Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı rəsmi məlumat da yayılıb.
Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.