BAKI, 23 fevral — Sputnikv. Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışı qeyd edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək.
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılış mərasimi
© Photo : Facebook / Mikayil Jabbarov
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il yanvarın 6-da "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılış mərasimi
© Photo : Facebook / Mikayil Jabbarov
Dördüncü Sənaye İnqilabı maşın öyrənməsi, süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxıb.
Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.