PAYTAXT XƏBƏRLƏRİ

Azərbaycanda ilk palçıq vulkanları turizm kompleksinin tikintisi başlayıb

Qobustan qoruğundan Palçıq Vulkanları Turizm Kompleksinə gediş-gəlişi təmin edəcək 20 kilometrlik yolun çəkilişi demək olar, başa çatdırılıb, hazırda son tamamlama işləri aparılır
Sputnik
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda palçıq vulkanlarının olduğu ərazidə ilk turizm kompleksinin tikintisi üzrə işlər davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Palçıq Vulkanları Turizm Kompleksində tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir: "Plan üzrə kompleks ərazisində tikilməsi nəzərdə tutulan binaların dəmir-beton konstruksiya və hörgü işləri aparılır".
Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksinin layihəsinə əsasən, burada inzibati bina, turizm informasiya mərkəzi, turist təcrübə mərkəzi, kafe və restoranlar, suvenir dükanının tikintisi nəzərdə tutulub. Ərazidə həmçinin, avtodayanacaq, kvadrosikllər üçün qaraj, ictimai sanitar qovşağı, su anbarı və nasosxana, bu kimi digər binaların tikintisi aparılır.
Bundan əlavə, Qobustan qoruğundan Palçıq Vulkanları Turizm Kompleksinə gediş-gəlişi təmin edəcək 20 kilometrlik yolun çəkilişi demək olar, başa çatdırılıb, hazırda son tamamlama işləri aparılır.
Xatırladaq ki, 2021-ci il aprelin 22-də Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Palçıq Vulkanları Turizm Kompleksi Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşir. Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq.
Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Həmçinin oxuyun:
Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir - VİDEO
Palçıq vulkanlarının daha bir xeyri - video