CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildilər

İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Paytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".
K.Zeynalov onu da qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.
Qeyd edək ki, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.